Təbrizdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur
Təbriz, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunmuşdur.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbərinin, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmilərinin, yerli kütləvi informasiya vasitələri nümayəndələrinin, Türkiyənin Təbrizdəki baş konsulu və konsulluğun əməkdaşlarının, şəhər ictimaiyyəti təmsilçilərinin iştirak etdikləri mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və iştirakçılara faciənin səbəb, məqsəd və nəticələri barədə ətraflı məlumat verilmişdir.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bildirmişdir ki, 20 Yanvar hadisələri süni vasitələrlə yaradılmış Dağlıq Qarabağ münaqişəsinin daha da alovlanması, sovet imperiyasının sonuncu rəhbərliyinin birbaşa himayədarlığı ilə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı başlanan məqsədyönlü hərbi-siyasi təxribatların davamı olaraq həyata keçirilən növbəti təcavüz aktı kimi tarixdə qara səhifə kimi özünə yer almışdır.
Şəxsi heyəti əsasən ermənilərdən ibarət olan Bakıya yeridilmiş qoşun birləşmələri tərəfindən törədilmiş hərbi təcavüz Azərbaycan xalqının haqq səsinin boğulmasına, xalqın milli oyanışının qarşısının alınmasına, Azərbaycanı nəyin bahasına olursa-olsun SSRİ-nin tərkibində saxlamağa, torpaqlarımızın işğalçı Ermənistan tərəfindən zəbt olunmasına şərait yaratmaq kimi çirkin siyasi məqsədlərə xidmət etdiyini xatırladan baş konsul qeyd etmişdir ki, bütün bu iyrənc niyyətlərin əksinə olaraq məhz bu hadisələrdən sonra xalqın mübarizə əzmi və azadlıq ideyaları uğrunda fədakarlığı daha da artmış, qısa müddətdən sonra Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmuşdur.
Ə.Əlizadə demişdir ki, 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayət idi. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyinin faciənin gerçək miqyas və mahiyyətini vaxtında dünya birliyinin diqqətinə çatdırmaması, əksinə, ört-basdır etməyə çalışması, cinayət materiallarının bir çoxunun Moskvaya aparılaraq indiyədək açılmaması bu faciənin hələ də beynəlxalq müstəvidə öz hüquqi qiymətini tapmamasına səbəb olan əsas amillərdəndir. O vaxt Azərbaycan xalqı adından yeganə siyasi etiraz bəyanatı Moskvada yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.
Ulu öndər Heydər Əliyevin imperiyanın mərkəzində onlarla xarici və yerli kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısındakı kəskin və ədalətli bəyanatı dünya dövlətlərində böyük əks-səda doğurmuş, xalqımızın etiraz səsi həmin dövrdə ilk dəfə məhz bu bəyanat nəticəsində beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Sonrakı illərdə isə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamentində bu faciəyə hüquqi-siyasi qiymət verən qərar qəbul edilmişdir.
Baş konsul 20 Yanvarın təkcə bir hüzn günü kimi deyil, eyni zamanda, kədərlə qəhrəmanlığın birgə nümunəsi, qürur və şərəf günü kimi də Azərbaycan xalqı tərəfindən həmişə iftixarla xatırlandığını və ehtiramla qeyd edildiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Çıxışlardan sonra 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən “19 Yanvar və bir gün sonra” adlı sənədli film nümayiş etdirilmiş və şəhidlərin xatirəsinə ehsan verilmişdir.
Mərasimin sonunda faciəyə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr, DVD-də filmlər, qəzet və digər əyani materiallar mərasim iştirakçılarına paylanılmışdır.
Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət fotostendə baxmış, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olmuşlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz