Tehranda keçirilən beynəlxalq sərgidə Azərbaycan stendi ziyarətçilər tərəfindən sonsuz maraqla qarşılanmışdır
Tehran, 29 yanvar (AZƏRTAC). Tehranda keçirilən “HT&T 2013” Beynəlxalq turizm və otelçilik sərgisində Azərbaycan stendi ziyarətçilər tərəfindən sonsuz maraqla qarşılanmışdır.
Altmış kvadratmetrlik sahəni əhatə edən stenddə ölkəmizi “İron”, “Jumeirah”, “Çinar” otelləri və “Millennium” , “Hicaz TRAVEL”, “Turizm.az”, “Elvin tur” turizm şirkətləri təmsil edirlər.
“İron” mehmanxanasının təmsilçisi Nazim Ağayevin bildirdiyinə görə, ziyarətçilər onlara təklif olunan yüksək keyfiyyətli və sərfəli otel xidmətlərini böyük maraqla qarşılayırlar. Fəaliyyət göstərdiyi günlərdə ən azı iyirmi min ziyarətçi müxtəlif suallarla stendə müraciət etmişdir.
“Millennium” turizm şirkətinin nümayəndəsi Yaşar Hüseynovun verdiyi məlumata görə, İranın tanınmış “Chomraksarat sangkachort”, “Saragh trovelinq Agency LTD” “İran tourism DEVEL” və digər şirkətlərinin nümayəndələri əməkdaşlıq əlaqələri qurmaq üçün konkret təkliflərlə müraciət etmişlər.
Ziyarətçilərə Azərbaycanda turizm imkanlarını və yüksək keyfiyyətli otel xidmətlərinə aid yüz minlərlə sayda çap və poliqrafiya məhsulları paylanılmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti isə səfər çərçivəsində İran rəsmiləri ilə bir sıra görüşlər keçirmişdir. Azərbaycanın və İranın turizm şirkətlərinin iştirakı ilə təşkil olunmuş “dəyirmi masa” da iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə dair müzakirələr aparılmışdır.
İranın ümumi informasiya məkanında sərgidə fəaliyyət göstərən Azərbaycan stendi ilə bağlı maraqla məlumatlar yayılmaqdadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran