Tələbələr gələcəkdə yaxşı turizm mütəxəssisi olmaq üçün tapşırılan hər işin incəliklərini bilməlidirlər
Bakı, 10 iyun (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa İttifaqının TEMPUS proqramına uyğun “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Bakı Turizm İnformasiya Mərkəzi, “Millenium Tourism &Congress”, “Bakı Tur”, “Regea Travel” şirkətlərin, “Sheraton Airport”, “Fairmont Baku”, “JW Marriott Abşeron”, “Ambassador” otellərinin nümayəndələri turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi proqramının təkmilləşdirilməsinə təsir edə bilən təkliflərlə çıxış etmiş, təcrübə dövrünün müddəti, iş saatı, tərəflərin məsuliyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.
ATİ ilə uzunmüddətli əməkdaşlığından bəhs edən “Millenium Tourism &Congress” şirkətinin direktoru Ruslan Quliyev təcrübə müddətində tələbələrin peşə vərdişlərinə yiyələnmələri üçün hansı vəzifələrdə işləmək iddiasından xəbərdar olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, yaxşı turizm mütəxəssisi olmaq üçün tələbələr təklif olunan işdən çəkinməməli, tapşırılan hər işin incəliklərini bilməlidirlər. Bu mövqe tələbənin gələcəkdə yaxşı mütəxəssis olmasına təkan verə bilər.
Təcrübə keçən tələbələrdə keyfiyyət amili məsələsinə toxunan sektor mütəxəssisləri təcrübə yeri seçərkən xarici dil bilmənin yetərli olmadığını, eyni zamanda, minimum peşə vərdişinin əhəmiyyətini də nəzərə çatdırmışlar.
“Sheraton Airport Baku” otelinin insan resursları üzrə müdiri Sevinc Ağayeva təcrübə dövründən əvvəl tələbələrə peşə davranışları fənninin tədris olunmasının məqsədəuyğunluğunu nəzərə çatdırmışdır.
Tələbələri cəlb edən maraqlı təkliflə çıxış edən “Sheraton Airport Baku” otelinin təlim əlaqələndiricisi Talıb Bayramov qeyd etmişdir ki, digər sahələrdən fərqli olaraq turizm sektoruna hər bir gənci yalnız öz istək və arzusu gətirməlidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, təsadüfdən turizm sahəsini seçmək sonda istənilən nəticəni vermir. Elə bu səbəbdən də hər tədris ilinin sonunda tələbənin təcrübə keçməsi üçün imkan yaradılmasını təklif edirəm.
“Fairmont Baku” otelinin insan resursları üzrə mütəxəssisi Fidan Hüseynova çalışdığı müəssisədə tələbələrin təcrübə dövründən əvvəl 1-2 həftə təlim keçdiklərini bildirmişdir. Otelə gələn qonaq ona xidmət göstərən şəxsin təcrübədə olan tələbə və ya əsas xidmət heyəti olması ilə maraqlanmır. Müştəri yüksək xidmət tələb edir. Bu baxımdan qeyd etdiyim təlimin faydası böyükdür.
ATİ-nin turizm biznesinin təşkili kafedrasının müdiri Bahadur Bilalov institutun turizm müəssisələri ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirmiş, belə görüşlərin tərəflər üçün əhəmiyyətli olacağını nəzərə çatdırmışdır.
Sonda belə görüşlərin mütəmadi keçirilməsi təklifi iştirakçılar tərəfindən razılıqla qarşılanmışdır.