MƏDƏNİYYƏT
Turizm obyektlərində monitorinqlər davam edir
Bakı, 8 iyun (AərTAc). Azərbaycanın turizm obyektlərində monitorinqlər davam edir. Müvafiq sahədə qiymətlərin 10-20 faiz ucuzlaşması müşahidə olunur.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu nazirliyin, həmçinin İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən aparılan birgə monitorinqin məqsədi yay turizm mövsümünün başlanması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir.
Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Xaçmaz, Qusar, Quba, Şabran, Xızı, Sumqayıt, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar da daxil olmaqla, monitorinqlərin ölkəmizin 38 rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli və Şirvan istiqamətində monitorinqlər artıq yekunlaşmışdır. Hazırda monitorinqlər Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Sumqayıt istiqamətində davam edir. Yerdə qalan rayonlar üzrə isə yoxlamalar mərhələli şəkildə həyata keçiriləcəkdir. Bütün rayonlar üzrə monitorinqlərin iyunun 30-dək yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Monitorinqlərin yekunlaşdığı rayonlarda əldə edilən nəticələr isə heç də bütün turizm zonalarının yay mövsümünə hazır olmadığını göstərmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, turizm obyektlərinə monitorinqdən əvvəl öz nöqsanlarını aradan qaldırmaq üçün imkan verilir. Onlara aşkarlanan çatışmazlıqları aradan qaldırmaları üçün iyunun 15-dək vaxt verilmişdir.