Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Kartepe bələdiyyəsi arasında əməkdaşlıq müzakirə olunmuşdur
Bakı, 2 may (AZƏRTAC). Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) idarə heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri Kartepe bələdiyyəsinin sədri Hüseyn Üzülməzlə görüşmüşlər.
Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, TADEF-in rəhbəri Bilal Dündar 2010-cu ildə Kartepe rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına park salındığını xatırlatmışdır. O, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Hüseyn Üzülməz Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin dünyada bənzəri olmadığını söyləmişdir. Kartepenin dünyanın yeni Davosu olmağa namizəd bölgə olduğunu bildirən Hüseyn Üzülməz azərbaycanlı iş adamlarının da buraya investisiya qoymaları üçün bələdiyyə sədri kimi hər cür şərait yaradacağını vurğulamışdır. O, TADEF ilə bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini vurğulamışdır.
Görüşdə Kartepe ilə Azərbaycanın bir sıra bələdiyyələrinin qardaş bələdiyyələr olması və əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəlinmişdir.