ÜAK VƏ AZƏRBAYCANIN RUS İCMASI ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALAYACAQLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Azərbaycanın Rus İcması əməkdaşlıq haqqında saziş imzalayacaqlar. ÜAK-ın icraçı direktorunun birinci müavini İlqar Hacıyev demişdir ki, konqresin icraçı direktoru Eldar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti artıq Bakıdadır.
İ.Hacıyev bildirmişdir ki, sazişin imzalanması Milli Məclisin deputatı Mixail Zabelinin başçılıq etdiyi Azərbaycanın Rus İcmasının yaradılmasının 15-ci ildönümü ilə bir vaxta düşür. O demişdir ki, əməkdaşlıq haqqında saziş iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, habelə qarşılıqlı anlaşma və etimad şəraitinin yaradılmasında Rusiyadakı Azərbaycan diasporunun və Azərbaycandakı rus diasporunun potensialından istifadə etməyi nəzərdə tutur.
Sənədə görə, tərəflər mədəniyyət, maarifçilik və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, həmvətənlərin hüquqlarının müdafiə edilməsi sahəsində birgə iş aparacaq, yaşadıqları ölkələrdə diasporların ictimai əlaqələrinin möhkəmləndirilməsinə qarşılıqlı dəstək göstərəcək, işlərin gedişi və planlar haqqında bir-birini müntəzəm məlumatlandıracaq, mədəniyyət, təhsil və s. istiqamətlərdə birgə tədbirlər keçirəcəklər. Əməkdaşlıq gənclər hərəkatı strategiyasının və taktikasının hazırlanması sahəsində gənclərlə iş, habelə müxtəlif gənclər layihələrinin təşviqi, o cümlədən gənclər forumunun keçirilməsi məsələlərini də əhatə edəcəkdir.