Ucqar kəndlərdən olan məktəbli qızlar üçün sosial ekskursiya təşkil edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Ucqar kəndlərdən olan məktəbli qızların Masallı və Lənkəran rayonlarının sosial obyektləri, o cümlədən sahibkarlıq subyektlərinə ekskursiyası təşkil edilib.
Ekskursiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin icra etdiyi “Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.
“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İB-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekskursiyada Astara rayonunun Asxanakəran, Pəlikəş, Rinə, Tüləkuvan, Lerik rayonunun Hamarmeşə və Günəşli kənd məktəblərini təmsil edən ümumilikdə 25 məktəbli qız və hər məktəbdən 1 nəfər olmaqla 6 nəfər direktor-müəllim heyəti iştirak edib.
Əvvəlcə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində tədbir iştirakçılarına təşkilatın sədri, layihə rəhbəri İntiqam Səfərov və layihənin məsul əməkdaşı Vamiq Babayev tərəfindən proqram barədə ətraflı məlumat verilib. Proqram çərçivəsində məktəbli qızlar Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzini, Masallı Sənaye məhəlləsində fəaliyyət göstərən Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzini, Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Sitrus valley” fermer təsərrüfatını, Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzini, həmin mərkəzdəki Lənkəran-Astara Regional Gənclərin İnkişaf və Karyera Mərkəzini, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Yekunda ekskursiya proqramından xoş təəssüratla ayrılan 25 məktəbli qızın hər birinə sertifikat təqdim edilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd yerlərində məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır.