Ukrayna dörd epidemioloji zonaya bölünəcək
Kiyev, 29 iyul, AZƏRTAC
Ukrayna hökuməti avqustun 1-dən başlayaraq karantin qaydalarını dəyişir. Əsas dəyişiklik ölkənin yaşıl, sarı, narıncı və qırmızı epidemioloji zonalara bölünməsindən ibarətdir. Bu dörd zonanın hər birində müxtəlif məhdudiyyətlər tətbiq ediləcək. Ən yumşaq karantin rejimi yaşıl zonaya aid olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov brifinqdə bildirib. Onun sözlərinə görə, yaşıl zonada ölkədə tətbiq edilən bütün karantin qaydaları - maska taxmaq, sosial məsafəni saxlamaq, antiseptikdən istifadə etmək məcburi olaraq qalacaq. Qırmızı zonada şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Yaşıl və qırmızı zonaların kəsişmə hissəsində müvafiq postlar quraşdırılacaq və bütün bunlar ərazi-inzibati vahidlər səviyyəsində fəaliyyət göstərəcək.
Nazir, həmçinin bildirib ki, artıq hökumətdə koronavirusla bağlı vəziyyətdən asılı olaraq zonaların rənglər üzrə ayrılması üçün dəqiq normalar mövcuddur. Karantin rejiminin yumşaldılmış olduğu zonada 5 gün ərzində hər hansı norma müəyyən həddi keçərsə, həmin zonanın rəngi dəyişdiriləcək.
Rüstəm Məmmədov
Kiyev