SİYASƏT
Ukraynada Azərbaycan diasporunun yeni mətbu orqanı yaradılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Nikolayev vilayətində (Ukrayna) “Vestnik Azerbaydjana” adlı yeni vilayət qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. Ukraynanın Azərbaycan Diasporunun rəhbəri Hikmət Cavadovun və “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatın dəstəyi ilə nəşr edilən bu qəzetin təsisçisi “Nikolayev vilayətinin azərbaycanlı gənclər təşkilatı”dır.
Ukrayna Azərbaycanlılar Konqresində AZƏRTAC-a bildirmişlər ki, “Vestnik Azerbaydjana” qəzeti Ukraynada Azərbaycan diasporunun sayca dördüncü rəsmi mətbu orqanıdır.
Düz üç il bundan əvvəl, 2010-cu il yanvarın 22-də Ukrayna Azərbaycanlılar Konqresinin təklifi ilə Nikolayev vilayətində yaşayan azərbaycanlı gənclərin ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda “Nikolayev vilayətinin azərbaycanlı gənclər təşkilatı” (NVAGT) adlı ictimai təşkilat yaratmaq təklif olunmuşdur. Təşkilatın sədri Samir Orucov seçilmişdir.
“Vestnik Azerbadjana” qəzeti əsas ictimai-siyasi hadisələri, mədəniyyət və təhsil sahələrində yenilikləri və vilayətin Azərbaycan icmasının fəaliyyətini işıqlandıracaq, ictimaiyyəti Ukraynada və Azərbaycanda baş verən hadisələrlə, dünya Azərbaycan diasporunun nailiyyətləri ilə tanış edəcəkdir.
Hikmət Cavadovun sözlərinə görə, indi kütləvi informasiya vasitələri ictimai rəyin formalaşmasında çox mühüm rol oynadığına görə gələcəkdə Ukraynanın əksər vilayətlərində bu cür mətbu nəşrlər yaratmaq planlaşdırılır.
Qəzet pulsuz yayılır. Onun elektron versiyasını http://demopulse.org saytında yükləmək olar.