UKRAYNADAKI HƏMVƏTƏNLƏRİMİZ AZƏRBAYCAN PREZİDENTİ SEÇKİLƏRİNƏ HAZIRLAŞIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 21-də Kiyevdəki “Ukraina” mehmanxanasının konfrans salonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Azərbaycan prezidenti seçkilərinə hazırlıqla bağlı müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, UAK-ın rəhbərliyi və qurumun ölkənin müxtəlif bölgələrindən gəlmiş fəalları iştirak etmişlər.
UAK-ın sədri Akif Gülməmmədov tədbir iştirakçılarını Azərbaycan prezidentliyinə namizədlərin soyadları ilə tanış etmişdir.
Səfir Tələt Əliyev çıxışında respublikanın qazandığı böyük uğurlardan, Azərbaycanın dünya siyasətində yüksək reytinqindən, ölkəmizin iqtisadi göstəricilər üzrə liderliyindən, sabit ictimai-siyasi vəziyyətdən, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsindən söhbət açmışdır.
Səfir həmvətənləri seçki qanunvericiliyinə edilmiş, Avropanın və bütövlükdə dünyanın nüfuzlu təşkilatları tərəfindən bəyənilmiş dəyişiklik və əlavələrlə tanış edərək bildirmişdir ki, səfirlikdə prezident seçkiləri qərargahı yaradılmışdır. O, Ukraynada müvəqqəti yaşayan soydaşlarımızı Azərbaycan vətəndaşlarının siyahısını vaxtında göndərmək xahişi ilə UAK üzvlərinə müraciət etmiş, Azərbaycan vətəndaşlarını oktyabrın 15-də diplomatik nümayəndəliyə gələrək, öz Konstitusiya borcunu yerinə yetirməyə çağırmışdır.
Sonda Tələt Əliyev müşavirə iştirakçılarının suallarına cavab vermişdir.