UKRAYNANIN NİKOLAYEV VİLAYƏTİNDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÖZ TARİXİ VƏTƏNLƏRİ İLƏ ƏLAQƏLƏRİ KƏSMİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 14-də Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev gəmiqayıranlar şəhəri kimi tanınmış Nikolayev şəhərində Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Nikolayev regional təşkilatının rəhbərləri və fəalları ilə görüşmüşdür.
Azərbaycan diasporunun rəhbəri Ələddin Məhərrəmov Tələt Əliyevə bu regionda sayı 18 minə çatan həmvətənlərimizin fəal həyat mövqeyi və ictimai fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, həmvətənlərimizin çoxu Nikolayev vilayətinin fəxridir. Onların əksəriyyəti öz tarixi vətənləri ilə əlaqələri kəsmir, milli adət və ənənələrimizi sevə-sevə qoruyur, böyüməkdə olan nəslə xalqımızın qədim tarixinə, zəngin mədəniyyətinə, ana dilimizə hörmət və sevgi hissləri aşılamaqla Azərbaycan millətini ləyaqətlə təmsil edir.
Səfir Tələt Əliyev Şəhər günü münasibətilə bizim diasporun nümayəndələrini hərarətlə salamlayıb onları ürəkdən təbrik etmişdir. Azərbaycanlı diplomat Ukraynada yaşayan həmvətənlərimizə respublikamızın daxili və xarici siyasətdə qazandığı böyük uğurlar barədə söhbət açaraq, qeyd etmişdir ki, dövlətimiz iqtisadi göstəricilərə görə nəinki regionda, hətta dünya miqyasında lider dövlətlərdən biridir. Səfir dost Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamışdır.
Görüşdə çıxış edən diaspor nümayəndələri bildirmişlər ki, müasir, demokratik və firavan Azərbaycan dövlətinin qurulması həmvətənlərimizi sevindirir və ruhlandırır.
Nikolayev şəhərinin sakini, Ukraynanın və Rusiyanın əməkdar inşaatçısı, “Mostobud” açıq səhmdar cəmiyyətinin 73 saylı körpüsalanlar dəstəsinin rəisi Novruz Allahverdiyev demişdir: “Mən bir peşəkar inşaatçı kimi Azərbaycanda müasir avtobanlar, yol ötürücüləri və başqa nəqliyyat qurğuları tikintisinin geniş vüsət almasına heyranam. Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovla görüşüm xüsusilə yaddaqalan oldu. Nazir möhtəşəm planlar, layihələr və həll edilməli məsələlər barədə danışdı. Azərbaycanda layihələşdirilən ən müasir və etibarlı tikililər minimum müddətdə istifadəyə verilir. Buna heyran olmamaq mümkün deyil!
######
