SİYASƏT
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DUBAYDA DA ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Dubayın Marriott otelində xalqımızın ümummilli lideri Heydər Əliyevi anma mərasimi keçirilmişdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, dekabrın 9-da keçirilmiş tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlə tanış olmuşlar. Sonra ölməz şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cəmiyyətin rəhbəri Samir İmanov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycan xalqı Heydər Əliyevin gərgin əməyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində öz müstəqilliyinə qovuşmuşdur. Məhz ulu öndərin səyi nəticəsində “20 Yanvar” faciəsinə, Xocalı soyqırımına hüquqi, siyasi qiymət verilmiş, 31 mart - Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başlanmışdır. Azərbaycanda yaranmış hərc-mərcliyə, vətəndaş qarşıdurmasına da ulu öndərin gərgin əməyi nəticəsində son qoyulmuş, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olunmuşdur.
Həyatını xalqına həsr etmiş ulu öndərin əldə etdiyi ən böyük nailiyyətlərindən biri də bütün dünyada Azərbaycan və azərbaycanlı sözlərinin mahiyyətini, insanlarda vətənpərvərlik, milli ideologiya hisslərini gücləndirməsidir. Unudulmaz tarixi şəxsiyyətin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərindən sonra dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız azərbaycanlı olmalarını daha iftixar və qürur hissi ilə bəyan etməyə başladılar.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan elmi, mədəniyyəti, incəsənəti, idmanı, ordusu, iqtisadiyyatı, sənayesi sürətlə inkişaf etməyə başlamışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ulu öndərin şəxsi təşəbbüsü və gərgin əməyi nəticəsində reallığa çevrilmişdir.
Natiq qeyd etmişdir ki, Azərbaycan diasporunun inkişafı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dünyanın hər yerində təntənə ilə qeyd olunması da ulu öndərin adı ilə bağlıdır.
Digər çıxış edənlər bildirmişlər ki, ümummilli liderimiz indi bizimlə olmasa da, onun ideyaları qəlblərdə daim yaşayacaqdır. Xarici ölkələrdə yaşayan soydaşlarımız da hər zaman bu ideyalara sadiq qalacaq və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklər.
Sonda Heydər Əliyev Fondunun və “Salnamə” studiyasının hazırladığı “Heydər Əliyev: dünyaya pəncərə” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirin sonunda ABŞ-ın media şirkətinin BƏƏ üzrə təmsilçisinə və Avropadan olan 2 qonağa “Heydər Əliyev” adlı kitab və Heydər Əliyev Fondunun hazırladığı “Muğam” albomu və DVD hədiyyə edilmişdir.