SİYASƏT
Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk şöbəsi Əkrəm Əylislinin “Daş yuxular” romanını pisləmişdir
Bakı, 16 fevral (AZƏRTAC). Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” kitabı Azərbaycan cəmiyyətini qəzəbləndirmişdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk şöbəsi Əkrəm Əylislinin “Daş yuxular” romanını pisləmişdir.
Bununla əlaqədar ÜAK-ın Murmansk şöbəsinin ofisində keçirilmiş tədbirdə həmvətənlərimiz, konqresin fəalları, sahibkarlar, regionun ali məktəb tələbələri və s. iştirak etmişlər.
Tədbirdə çıxış etmiş şöbənin sədri, dünya azərbaycanlılarının üçüncü qurultayının nümayəndəsi, Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov qeyd etmişdir ki, roman Azərbaycan cəmiyyətində və Azərbaycan diasporunda ciddi narazılıq doğurmuşdur.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan diasporu Əkrəm Əylislinin romanını birmənalı şəkildə xalqımızın şərəf və ləyaqətinin, onun mənəvi dəyərlərinin təhqir olunması kimi qiymətləndirir, belə mənəviyyatsız hərəkətinə görə onun xalq yazıçısı adından məhrum edilməsini ədalətli qərar hesab edir. Hamı yekdilliklə bu fikirdə olduğunu bildirmişdir ki, xalq öz millətinə, onun tarixinə nifrətini nümayiş etdirmiş bu insanı heç vaxt bağışlamayacaqdır.
Azərbaycanın tarixi gerçəkliklərini saxtalaşdıran, toponimləri təhrif edən, xalqımızı təhqir edən Əkrəm Əylislinin cızma-qarası bədxahlıqdır, xalqın mənfi imicinin formalaşmasına xidmət edir. Əkrəm Əylisli öz hərəkəti ilə “Azərbaycan cəmiyyətinə qarşı hədsiz nifrətini və kinini nümayiş etdirmişdir”. “Daş yuxular” sırf siyasi sifariş xarakteri daşıyır, roman əvvəldən axıradək ermənilərin mənafeyinə xidmət edir.
Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan Əkrəm Əylisli bir dəfə də olsun Azərbaycanın milli mənafeyini müdafiə etməmişdir. Onun guya iki xalqı barışdırmağa cəhd göstərdiyi haqda bəyanatları əslində riyakarlıqdan başqa bir şey deyildir. Müəllif öz xalqının müqəddəs dini dəyərlərinə hörmətsizlik nümayiş etdirmiş, onlara bağlılığı şübhə altına almış, azərbaycanlıları açıq-aşkar mənfi planda göstərmişdir.
Müzakirə zamanı belə bir fikir söylənmişdir ki, “Daş yuxular” tarixi faktları təhrif edən zəif əsərdir. Amil Vəliyev, Yaqub Şükürov, Vidadi Hümbətov, Xaləddin Cəfərov, Namiq Hüseynov, Elvin Hüseynov, Vüsal İbrahimov, Elvira Hüseynova, Səbinə Əliyeva və başqaları qeyd etmişlər ki, azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin ruhu ermənilərə böyük məhəbbət bəsləyən Ə.Əylisliyə heç vaxt rahatlıq verməyəcəkdir.