VORONEJDƏ YAŞAYAN AZƏRBAYCANLILAR XEYRİYYƏÇİLİK TƏDBİRLƏRİ KEÇİRMİŞLƏR
Ilk aksiya 37 nömrəli məktəbdə reallaşdırılmışdır. Şəhərin müxtəlif məktəb, gimnaziya və internatlarından buraya gəlmiş uşaqlar üçün musiqili gecə təşkil olunmuşdur. Konsert proqramında “Birlik” Azərbaycan uşaq ansamblının, uşaq və yeniyetmələr üçün internat məktəbin “Jelanuşka” ansamblının üzvləri çıxış etmiş, Şaxta Baba və Qar Qız bütün uşaqlara hədiyyələr paylamışdır. Uşaqlar üçün Şərq şirniyyatından ibarət süfrə açılmışdır.
“Edineniye-Birlik” təşkilatının üzvləri tədbir iştirakçılarını təbrik etmiş, onlara Fəxri fərmanlar, Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsində xidmətlərinə görə “Urok drujbı” döş nişanları vermişlər.
Uşaqlar üçün Yeni il bayramı 13 nömrəli idman məktəbində də təşkil edilmişdir. Iştirakçılar “Birlik” uşaq ansamblının çıxışını maraqla dinləmişdir. Tədbirdə, eyni zamanda, viktorina, müsabiqə, şahmat yarışı keçirilmişdir.
“Birlik” ansamblının gənc artistləri əlil uşaqların reabilitasiya mərkəzində də olmuşlar. Burada da şirniyyat süfrəsi açılmış, uşaqlara hədiyyələr paylanmışdır.
Bütün tədbirlərdə Azərbaycan və rus uşaqlarının ən yaxşı əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.