SİYASƏT
Xarkovda Azərbaycan kinematoqrafının 115-ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir
Kiyev, 19 may (AZƏRTAC). “Xarkov yasəməni” V Beynəlxalq qısametrajlı kinofestivalı çərçivəsində mayın 17-dən 18-dək Xarkov vilayətinin Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyəti Azərbaycan kinematoqrafının 115-ci ildönümünə və kinematoqrafiya ustası, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, xarkovlu Aleksandr Mişonun anadan olmasının 155 illiyinə həsr olunmuş layihənin təqdimatını keçirmişdir.
Bütün həyatı və fəaliyyəti ilə Xarkov və Bakı ilə sıx bağlı olmuş A.Mişonun xatirəsini əbədiləşdirmək üçün “Dostluq” cəmiyyəti kitab hazırlamağı və XIX əsrin sonunda fotoqrafın yaşayıb çalışdığı Çilingər döngəsindəki evdə xatirə lövhəsi açmağı qərara almışdır.
Xatirə lövhəsinin müəllifi həmvətənimiz, Ukraynanın Xalq Rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı Seyfəddin Qurbanovdur.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Yusif Quliyev, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, habelə cəmiyyətin idarə heyətinin xatirə lövhəsinin açılışında iştirak etmiş üzvləri Xarkovda ən yaxşı əsərlərdən biri hesab olunan bu işinə görə S.Qurbanova minnətdarlıqlarını bildirmişlər.
Layihə çərçivəsində, həmçinin A.Mişon haqqında “Aleksandr Mişon. Naşir. Fotoqraf. Kinematoqrafçı” kitabının təqdimatı olmuşdur.
Kitabın müəllifləri Vladimir Mislavski, Arkadi Xilkovski, Tamara Hümbətova və “Dostluq” cəmiyyəti idarə heyətinin üzvü, Ukrayna - Azərbaycan Biznes Şurasının prezidenti, iqtisad elmləri namizədi Şahin Ömərovdur.
Tədbirdə A.Mişonun nəticəsi, iqtisad elmləri doktoru, Voronej Dövlət Universitetinin professoru Yelena Mişon da iştirak etmişdir.
Y.Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Şahin Ömərova fəxri fərman təqdim etmişdir.
Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı adından Xarkov vilayət Dövlət Administrasiyasının başçısı Mixail Dobkinə təşəkkür məktubu təqdim olunmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev