Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin növbəti təzahürü idi
Naxçıvan, 23 fevral, AZƏRTAC
Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı düşmənçilik siyasətinin növbəti təzahürü idi.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən “Xocalı soyqırımı: vəhşilik aktı” mövzusunda keçirilən elmi konfransda danışılıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, qaniçən erməni cəlladlarının iki əsrdir tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdiyi sоyqırımı siyasətindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən sоyqırımı aktı dünya tarixində analоqu оlmayan vəhşilikdir. Erməni quldurlarının Xocalıya hücumu zamanı yüzlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Dinc sakinlər əsir götürülüb, yüzlərlə insan yaralanıb, ailələr məhv edilib. Həmin gün dünya baş verən dəhşətli hadisələrə münasibətini bildirməyib. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra bəşər tarixində misli görünməmiş bu faciənin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ciddi addımlar atılıb. Ulu Öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri Emin Şıxəliyev “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımıdır”, Zeynəb Quliyeva “Xocalı soyqırımının azərbaycanlıların milli şüuruna təsiri”, Asəf Orucov “Xocalı faciəsində erməni terror təşkilatlarının iştirakı” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Faciənin səbəbləri və dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində görülən işlərdən danışan məruzəçilər bununla əlaqədar Heydər Əliyev Fondunun xüsusi layihələr həyata keçirdiyini vurğulayıblar. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanınması, eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs edən natiqlər Azərbaycan xalqının heç vaxt torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmayacağını bildiriblər.
Qeyd olunub ki, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam mühüm tarixi sənəddir və soydaşlarımızın torpaqlarımıza böyük qayıdışının başlanğıcı kimi əlamətdar bir hadisədir.
Konfransda Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş olunub.