XOCALI FACİƏSİ İLƏ BAĞLI HOLLANDİYA VƏ BELÇİKADA TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Mərkəzi qərargahı Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, 15 təşkilatı birləşdirən bu qurum Türkiyənin İğdır şəhər bələdiyyəsi ilə birlikdə Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Hollandiyada və Belçikada müxtəlif tədbirlər keçirməyi planlaşdırmışdır.
İlk növbədə Hollandiyanın Haaqa şəhərində beynəlxalq konfransın təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar 500 nəfərlik salon icarə edilmiş, təşkilat komitəsi yaradılmışdır. Konfransa çoxlu sayda media nümayəndələri, Türkiyə və Azərbaycanın elm və ictimai xadimləri, Hollandiya və Almaniya parlamentlərinin deputatları, Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları dəvət olunacaqdır.
Konfransda Xocalı faciəsi ilə bağlı məruzələr dinləniləcək və bu hadisənin soyqırımı kimi tanınması üçün dünya dövlətlərinə müraciət göndəriləcəkdir.
Belçikanın paytaxtı Brüsseldə isə Avropa Parlamentinin iqamətgahı qarşısında Xocalı soyqırımı ilə bağlı mitinq-yürüş keçiriləcəkdir. Mitinq zamanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətə son qoymasına çağıran şüarlar səslənəcək, ermənilərin Xocalının dinc sakinlərinə - uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri vəhşiliklərə siyasi qiymət verilməsi Avropa ölkələrinin qarşısında bir tələb kimi qoyulacaqdır.