Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər davam edir
Bakı, 28 fevral (AZƏRTAC). Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Avstraliyadakı Azərbaycan diasporu tərəfindən təşkil olunan silsilə tədbirlər davam edir.
Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmaməddin Qasımovun təşəbbüsü ilə ölkədəki ən böyük məscid olan Gelibolu məscidində 3 min 500-dək insanın iştirak etdiyi cümə namazından əvvəl soyqırımı barədə məlumat verilmiş, Xocalı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Sonra Avstraliya qanunverici orqanlarına ünvanlanması nəzərdə tutulan və soyqırımı aktına hüquqi-siyasi qiymətin verilməsinə çağırışın yer aldığı müraciət üçün böyük imzatoplama mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən İ.Qasımov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, ermənilərin dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi faktlarını qeyd etmiş, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyətinin zəruriliyini vurğulamışdır. Artıq dünyanın bir sıra ölkələrinin bu qətliamı soyqırımı kimi tanıdığını vurğulanmışdır.
Tədbir iştirakçılarına soyqırımına dair faktları əks etdirən kitablar və broşürlər paylanmışdır.
Ginnesin Rekordlar Kitabına hazırda həyatda olan ən ucaboylu (2.51m) insan kimi düşmüş Sultan Kösen də sənədə imzasını atmışdır.
Aksiyalar Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə keçirilir.