Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinin anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, partiyanın üzvü olan fəal gənclərin, incəsənət və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP GB-nin sədri Seymur Orucov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq, ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, şəhərlərimizin, kəndlərimizin, dini, tarixi və mədəni abidələrimizin dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə bir sırada dayandığını vurğulayıb.
Sonra faciə ilə bağlı film nümayiş etdirilib.
Digər çıxış edənlər də Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayət adlandırıblar. Natiqlər insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarına əminliklərini bildiriblər.