Yenilməzlik nümunəsi
Bakı, 26 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Hadrutda Komando Briqadası hərbi hissəsinin açılışındakı çıxışı 44 günlük müharibənin xarakterini, qazanılan qələbənin əhəmiyyətini dərindən dərk və bu günlərlə müqayisə etmək baxımından faydalıdır. Çıxışında dövlət başçısı dedi: "Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!".
Ötən illər ərzində dövlətimiz işğal faktı ilə barışmadı və torpaqları azad etməkdən ötrü iqtisadi, siyasi və hərbi qüvvə topladı. Millətin bütün nəsilləri işğalçıya qarşı mübarizədə böyük ruh yüksəkliyi ilə birləşdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
O bildirib ki, müharibənin gedişində erməni təbliğat maşını millətimiz və ordumuz haqqında iftiralar yaysa da, Prezident İlham Əliyev dünya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri ilə dünya erməniliyinin, Ermənistanın siyasətinin iç üzünü açdı. Ermənilərin son 200 illik təbliğatı heç bir zaman belə sarsıdıcı zərbə almamışdı. Azərbaycan informasiya savaşında qalib gəldi.
Professor Musa Qasımlı deyib ki, 44 günlük müharibədə qazanılan qələbə Azərbaycan hərb sisteminin üstünlüyünü göstərdi. Silahlı Qüvvələrimiz misilsiz qəhrəmanlıqlara imza atdı. Millətimizin arzuları gerçəkləşdi. Müharibədə qazanılan qələbə Azərbaycan xalqının yenilməz əzmini, qətiyyətini və mübarizliyini təsdiq etdi. Azərbaycan Ordusu dünyanın qabaqcıl ordularının cərgəsində yerini daha da möhkəmləndirdi.
“Prezidentin söylədiyi fikirlər qələbənin qazanılmasında millətimizin əzmini və qəti, yenilməz iradəsini, müharibənin başa çatmasına baxmayaraq, dövlətimizin siyasətində müdafiə və təhlükəsizlik məsələlərinin xüsusi yer tutduğunu göstərir. Bu, tamamilə təbiidir, çünki milli-dövlət maraqları hər şeydən əvvəl gəlir”,- deyə professor Musa Qasımlı qeyd edib.