Yuri Ratas: Brüssel Sammitində 2020-ci ilə qədər 20 praktiki hədəf seçilib
Tallinn, 27 noyabr, AZƏRTAC
Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısında Avropa İttifaqının rəhbərləri və tərəfdaş ölkələr 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı ölkələrində iqtisadiyyatın, ətraf mühitin, cəlbolunmanın, demokratik idarəetmənin və cəmiyyətin möhkəmlənməsinə yönəlmiş 29 konkret hədəf qəbul ediblər. Bu barədə Estoniyanın Baş naziri Yuri Ratas jurnalistlərlə söhbətində məlumat verib.
O deyib: “Biz Şərq Tərəfdaşlığının şəxsində, şübhəsiz ki, Avropa İttifaqının qonşuluq siyasətinin əsas məqsədi - Şərq Tərəfdaşlığı dövlətləri ilə əməkdaşlıq şəraitində və onların arzularına müvafiq olaraq əhalinin həyat səviyyəsinin hissediləcək və nəzərəçarpacaq dərəcədə yaxşılaşması məqsədi üzərində cəmləşmiş müvəffəqiyyətin tarixini görürük”.
Yuri Ratas Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığının növbəti üç il ərzində həyata keçirilməsi planlaşdırılan əsas istiqamətlərini açıqlayıb. Bunlar Şərq tərəfdaşları arasında mobil şəbəkələrdə rouminq ödəmələrini tənzimləmək və daha da ucuzlaşdırmaq, Baltik və Qara dənizləri birləşdirən rəqəmsal nəqliyyat dəhlizinin pilot layihəsi, kibercinayətkarlığa qarşı mübarizə aparmaq üçün polis bölmələrinin yaradılması, yollarda ölüm hallarının sayının azaldılması, tərəfdaş ölkələrdəki gənclərin və gənclərlə iş üzrə mütəxəssislərin 80 mindən çox nümayəndəsinin “Erasmus+” proqramında iştirakıdır.
“Şərq Tərəfdaşlığı”, yaxud Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistanla əməkdaşlıq proqramı Estoniyanın Aİ-də sədrliyinin prioritet mövzularından biridir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn