REGİONLAR
Ölkəmizin ən böyük kartofçuluq təsərrüfatında bol məhsul yığılır VİDEO
Qazax, 11 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Qərb bölgəsinin aran ərazilərində kartof yığımı prosesi sürətlə davam edir. Bu il məhsuldarlıq da yaxşıdır. Ölkəmizin ən böyük kartof sahəsinə malik təsərrüfatlardan biri olan Qazax Aqroparkın ümumi əkinə yararlı 1030 hektar sahəsinin 337 hektarında əmtəəlik kartof əkilib. Hər hektardan 45-55 ton məhsul yığılıb.
AZƏRTAC xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “İnvestel Group” MMC Qazax və Abşeron rayonlarında ümumilikdə 1041 hektar təsərrüfat sahəsinə malikdir və əkinçilik, bağçılıq, çeşidləmə, qablaşdırma, logistika sahələri üzrə ixtisaslaşıb.
Qazax rayonunda yerləşən aqroparkın ümumi əkinə yararlı 1030 hektar sahəsində bu il kartof, buğda və arpa əkilib. Aqroparkın Qazax rayonunun İkinci Şıxlı kəndindəki sahəsində kartofun yığımı davam edir.
Ötən il aqroparkda 14 min 276 ton kartof, 1580 ton buğda və 485 ton arpa, cari ilin 6 ayında isə 2152 ton buğda, 581 ton arpa istehsal olunub. İndiyədək 22,6 milyon manat investisiya yatırılmış aqroparkda 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.
“Bu rəqəmlərin əldə olunması bütün müasir tələblərin cavablarına uyğun olaraq işlərin həyata keçirilməsi nəticəsində baş verib. Mövcud strukturumuzda hazırda Qazax rayonunda 2300 tonluq, əlavə olaraq Bakı şəhərində isə 8 min tona yaxın tutumu olan soyuducu anbarımız mövcuddur. Burada məhsul həmin anbarlara realizə olunduqdan sonra, çeşidləmə işləri həyata keçirilir. Əlavə olaraq özümüzün toxumçuluq bazamız da formalaşdırılıb. Əkinin 80 faizinə öz toxum bazamızdan istifadə olunur”,- deyə Qazax aqroparkın icraçı direktoru Süleyman Heydərov bildirib.
Kartof toxumları əsasən Almaniya və Hollandiyadan idxal olunur. Bunlar “berlina”, “kolumba”, “sürayə” “veqa” və digər sortlardır. Aqroparkın fəaliyyəti dövründə toxumların regionun tələblərinə uyğun olan növü becərilir.
Qazax Aqroparkının sahələri Xram çayının suyu ilə suvarılır. Burada üçpilləli nasos stansiyası quraşdırılıb. Təsərrüfat daimi suvarma suyu ilə təmin olunur.
Aqroparkda gündəlik gücü 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti mövcuddur. Eyni zamanda, tutumu 7800 kubmetr olan soyuducu anbar kompleksi fəaliyyət göstərir.
Müasir texnika və avadanlıqlarla təchiz edilmiş aqroparkın 11 ədəd texnikası və 41 ədəd aqreqatı var.