31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR TÜRKMƏNİSTANDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın Türkmənistandakı səfirliyində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma tədbiri keçirilmişdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Vəhdət Sultanzadə Azərbaycan xalqına qarşı 1918-ci ilin yazında törədilmiş soyqırımının tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyərək, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından geniş söhbət açmışdır.
Qeyd olunmuşdur ki, ötən 200 il ərzində 1 milyondan artıq azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu siyasətin tarixinin uzun olmasına baxmayaraq, həqiqətlər ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri sayəsində ictimaiyyətə çatdırılmış və bu hadisələrə hüquqi-siyasi qiymət verilmişdir.
Tədbir iştirakçıları azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin, vəhşilik və cinayətlərin “Böyük Ermənistan” xülyası ilə yaşayan qəsbkar erməni şovinistləri və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirildiyini bildirmişlər. Dünya ictimaiyyəti tərəfindən ermənilərin dəhşətli əməllərinin bəşəriyyətə qarşı törədilmiş cinayət kimi hüquqi-siyasi qiymət almasının vacibliyi vurğulanmış, bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızın səylərinin artırılmasının əhəmiyyəti qeyd edilmişdir.
Anma tədbirinin keçirilməsi ilə əlaqədar səfirliyin zalında azərbaycanlıların soyqırımı və erməni terrorunu əks etdirən fotoşəkil və kitablardan ibarət guşə tərtib edilmiş, eyni zamanda erməni vandalizmini əks etdirən sənədli filmlər nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına xalqımızın üzləşdiyi soyqırımı faciələri ilə bağlı Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş materiallar, habelə səfirlik tərəfindən türkmən dilində nəşr edilmiş “Bəşəriyyət əleyhinə cinayət” adlı kitabın nüsxələri paylanmışdır.
Bununla yanaşı, səfirliyin internet səhifəsində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar məlumat yerləşdirilmişdir.