31 MART SOYQIRIMI GƏNC RƏSSAMLARIN GÖZÜ İLƏ
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Tofiq İsmayılov adına “Uşaq dünyası” Qalereyasında 31 Mart - Azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş “Erməni genosidi” mövzusunda respublika rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi uşaq və gənclərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və erməni vəhşilikləri haqqında daha dolğun biliklər formalaşdırmaq, əzəli düşmənlərimizə qarşı həmişə barışmaz olmağı tərbiyə etməkdir.
Təhsil nazirinin müavini Elmar Qasımov 1918-ci il martın 31-də azərbaycanlıların məruz qaldığı soyqırımı hadisəsinin xalqımızın qan yaddaşında silinməz iz buraxdığını bildirmişdir. Bakı və Gəncə quberniyalarında, Qubada, Şamaxıda və digər bölgələrdə erməni daşnaklarının törətdikləri qanlı faciələr zamanı dinc əhaliyə amansız divan tutulmuş, insanlar öz doğma yurd-yuvalarından deportasiya olunmuşlar. Təəssüflər olsun ki, ötən əsrdə soydaşlarımıza qarşı bir neçə dəfə bu cür soyqırımları törədilmiş, tarixi ərazilərimiz ermənilər tərəfindən işğal olunmuş, günahkarlar hələ də öz cəzalarına çatmamışlar.
Vurğulanmışdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlmasında gənclərimiz də öz bilik və bacarıqlarını əsirgəmirlər. Bu baxımdan gənc rəssamlarımızın Xocalı və 31 mart soyqırımlarına həsr etdikləri rəsm əsərlərində zaman-zaman xalqımızın başına gətirilən dəhşətli faciələr öz əksini tapmışdır. Eyni zamanda, bu rəsmlərdə müstəqil respublikamızın işıqlı sabahına inam ifadə olunmuşdur.
Müsabiqədə on minlərlə şagird və tələbə iştirak etmişdir. Rəsmlərin seçilməsi ilə bağlı yerlərdə münsiflər heyəti yaradılmış, ən yaxşı işlər müəyyən edilərək respublika turuna təqdim olunmuşdur.
Ən yaxşı rəsmlərin müəllifləri olan 36 iştirakçı Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.