MƏDƏNİYYƏT
Göyçayda 725 yaşı olan kitab saxlanılır
Göyçay, 22 fevral (AZƏRTAC). Göyçay rayonunda 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olan Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirmişdir.
Ruslan Məmmədov AZƏRTAC-a bildirmişdir ki, öz evində yaratdığı kitabxanada 2 minə yaxın qədim əlyazmalar, müxtəlif əsrlərdə çap olunmuş kitablar və müasir ədəbiyyat nümunələri mühafizə olunur. Onlar arasındakı ən qədim kitabın 725 yaşı vardır. Ərəbcə olan əlyazma “Qurani-Kərim”in təfsiridir.
Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı vardır.
“Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.
Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü kitabın uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı vardır. Kitabxanada, ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlanılır. Ruslan Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. O, öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir.
Ruslan Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. O, bu günədək 200-ə yaxın belə qədim əşya toplamışdır. Ruslan Məmmədov qədim kitabları, əsginaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan topladığını bildirmişdir.
Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildirən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər zaman şərait yaratdığını demişdir.