Nabranda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş səmti müəyyən etmə idman növü üzrə “Prezident kuboku” turniri başlanmışdır
Xaçmaz, 20 oktyabr (AZƏRTAC). Oktyabrın 20-də Nabrandakı “Xəzər” turizm bazasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş səmti müəyyən etmə idman növü üzrə “Prezident kuboku” yarışlarının açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan İdman Səmtləşdirilməsi Federasiyasının prezidenti Mirəli Kazımov, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, Beynəlxalq Səmtləşdirmə Federasiyasının beynəlxalq əlaqələr üzrə departamentinin rəhbəri Tatyana Kalendaroğlu, Gənclər və İdman Nazirliyinin və Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Mərasimin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, turnirin məqsədi Azərbaycanda bu idman növünü 20 illik fasilədən sonra yenidən dirçəltmək və kütləviləşdirməkdir. Bu istiqamətdə ilk tədbir olaraq təxminən bir ay bundan əvvəl 200-dən çox idmançının təmsil olunduğu 26 komandanın iştirakı ilə Nabranda bütün beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunmaqla respublika açıq çempionatının keçirildiyi bildirilmişdir. “Prezident kuboku”nun bu idman növünün kütləviləşdirilməsində növbəti addım olduğu vurğulanmışdır.
Tədbirdə 2013-cü ildə bu idman növü üzrə beynəlxalq turnirin Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğu bildirilmiş, elektron avadanlıqların təqdimatı keçirilmişdir.
İki gün davam edəcək yarışda silahlı qüvvələr, universitet, müxtəlif nazirlik, müəssisə və şirkətlərdən 100 nəfərdən ibarət 14 komanda öz qüvvəsini sınayacaqdır.
Rusiya, Ukrayna və türkiyəli hakimlərin idarə edəcəyi yarışmada hər komanda 4 nəfərlə təmsil olunacaqdır. Respublikamızda ilk dəfə olaraq elektron avadanlıqların tətbiq edilməsi ilə reallaşdırılan yarış iki mərhələdə keçiriləcəkdir.
Açılış mərasimi başa çatdıqdan sonra “Prezident kuboku” turnirinin startı verilmişdir.