ADNSU-nun şəhid məzunlarının ailələri ilə görüş
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ADNSU məzunlarının ailələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüş zamanı V.Əskərov bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi daim dərin ehtiramla yad edilir. ADNSU-da şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan V.Əskərov universitetdə şəhidlərin xatirəsinə abidə kompleksi yaradıldığını, şəhid məzunların adına auditoriyalar açıldığını bildirib.
V.Əskərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı qazandığı böyük Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edildiyini söyləyib. O deyib ki, biz böyük Qələbəmizlə sonsuz qürur hissi duyuruq.
Azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işlərindən bəhs edən V.Əsgərov xalqımızın xoşbəxt gələcəyinə inamını vurğulayıb.