ADU-DA 31 MART - SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri professor Səməd Seyidov Bakıda və bölgələrdə minlərlə azərbaycanlının qətli ilə nəticələnən 31 Mart faciəsi haqqında danışmış, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla həmin tarixin rəsmi olaraq “Azərbaycanlıların soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırmışdır.
Ermənilərin məskunlaşdığı ərazilərin tarixən Azərbaycan torpaqları olduğunu vurğulayan rektor demişdir: “Rusiya Dövlət Dumasının binasında inqilabdan əvvəlki dumanın deputatlarının rəsmlərindən ibarət sərgidə müsəlman fraksiyasının üzvləri də əks olunmuşdur. Onların əksəriyyəti İrəvandan seçilmiş azərbaycanlı deputatlardır. Bu o deməkdir ki, İrəvan daim Azərbaycanın ərazisi olmuş, orada azərbaycanlılar yaşamışlar”.
Prorektor Ələddin Əliyev, professor Qorxmaz Quliyev və digər çıxış edənlər əsrlər boyu ermənilərin türklərə və azərbaycanlılara qarşı məkrli siyasət yürütdüyündən söz açmış, universitet tələbələri tərəfindən Azərbaycan həqiqətlərini xarici dillərdə dünyaya çatdırması işinin vacibliyini vurğulamışlar.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
######
