Ankarada TürkPA-nın ekologiya və təbii sərvətlər komissiyasının ilk iclası keçirilib
Ankara, 3 aprel, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ekologiya və təbii sərvətlər komissiyasının ilk iclası keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, quruma üzv ölkələr arasında səhralaşma ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə həsr olunan iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanı komissiyada təmsil edən deputatlarla yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Dünyası Bələdiyyələr Birliyi və digər qurumların nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, TürkPA-nın ekologiya və təbii sərvətlər komissiyasının sədri Əhliman Əmiraslanov bildirib ki, bu komissiyanın yaradılması türkdilli ölkələr arasında müvafiq sahədə əməkdaşlığın inkişafına mühüm təkan verəcək. O vurğulayıb ki, mövcud problemlərin birgə həlli üçün üzv ölkələrin iştirakı ilə ekologiya və təbii sərvətlər sahəsində beynəlxalq konfrans və seminarların təşkili, digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sadık Yakut çıxışında TürkPA-nın yeni yaradılmış ekologiya və təbii sərvətlər komissiyasının üzərinə böyük vəzifələr düşdüyünü qeyd edərək, ilk iclasın işinə uğurlar arzulayıb.
Daha sonra iclasın gündəliyi və iş planı təsdiq edilib, səhralaşma problemi müzakirə olunub.
Müvafiq hesabat dinlənildikdən sonra türkdilli ölkələrdə səhralaşma ilə mübarizəyə dair tövsiyə xarakterli qərar qəbul edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara