ATƏT-İN NÜMAYƏNDƏSİ ÖLKƏMİZDƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN VƏZİYYƏTİ BARƏDƏ MƏLUMATLANDIRILMIŞDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquqları, söz azadlığı, kütləvi informasiya vasitələrində mövcud vəziyyət haqqında ətraflı məlumat vermişdir.
Müstəqillik qazandıqdan sonra ölkəmizin Avropa və Avroatlantika strukturlarına inteqrasiya etdiyini diqqətə çatdıran nazir, Azərbaycanın ATƏT-ə üzv olan ölkələrlə də sıx əməkdaşlıq etdiyini söyləmişdir.
ATƏT-in nümayəndəsi Mikloş Haratşi səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmiş və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Nazir Elmar Məmmədyarov qloballaşma dövründə KİV-in rolunun artdığını qeyd edərək, dövlət qurumları ilə mətbuat arasında sıx münasibətlərin qurulmasının vacibliyini bildirmiş, Xarici İşlər Nazirliyinin də jurnalistlərlə sıx əməkdaşlıq etdiyini və XİN-də mütəmadi brifinqlərin keçirildiyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.