Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti: Sağçılara Avropa Parlamentinin “təyyarəsini qaçırmaq” fürsəti verilməməlidir
Berlin, 8 aprel, AZƏRTAC
“Avropada bu seçkilər həlledici olacaqdır”.
Bu fikri AZƏRTAC-a müsahibəsində Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Yaşar Niftəliyev bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilər barəsində danışarkən bildirib. O deyib: “Bu dəfə qarşıda Avropa Parlamentinin tərkibi məsələsi deyil, daha çox bütün Avropanın gələcəyi məsələsi durur. Məsələ ondadır ki, sağçı-populist partiyalar parlamenti öz əllərinə almaq istəklərini gizlətmirlər. Hadisələrin bu cür inkişafı fonunda rahat oturmaq, heç nə ilə məşğul olmamaq düzgün deyil”.
Onun fikrincə, bu günlərdə Yeni Zelandiyada törədilən dəhşətli terror aktı Avropanın hakimiyyətə islamofob qüvvələrin, radikalların və ya müharibə illərində baş verdiyi kimi, hətta faşistlərin gəlməsindən sığortalanmasını hələ də düşünənlər üçün həyəcan siqnalı olmalıdır. Sağ təmayüllü qüvvələr o vaxt məhz bu yolla, addımbaaddım hakimiyyətə gəlmişdilər.
Niftəliyev hesab edir ki, hər şeydən əvvəl, avropalılar bu səbəbdən may ayında keçiriləcək seçkilərdə fəal iştirak etməlidirlər. Əgər yada salsaq, Avropa Parlamentinə son seçkilərdə almaniyalı seçicilərin 50 faizindən azı iştirak etmişdi. “Azərbaycan icması yerli əhali ilə birgə çalışmalı, gənclərlə danışıqlar aparmalı, onları seçkilərə getməyə və sağçılara Avropa Parlamentinin “təyyarəsini qaçırmaq” fürsəti verməməyə inandırmalıdır. Avropa İttifaqını gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Nə qədər ki, o var, nə qədər ki, Avropa hakimiyyət təsisatları güclüdür, yeni zelandiyalı terrorçuya simpatiya göstərənlər 1933-cü ildə baş verdiyi kimi, əhalinin zəkasına sahib ola bilməyəcəklər”, - deyə Niftəliyev bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin