AVROPA BİRLİYİ AZƏRBAYCANDA APARILAN İSLAHATLARDAN RAZIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, avropalı diplomatların Azərbaycana hər bir səfərinin vacibliyini qeyd edən Elmar Məmmədyarov bu görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir. Avropa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən xarici işlər naziri ölkəmizin Avropa Birliyinin “Yeni qonşuluq” proqramında fəal iştirak etdiyini və bu proqramın Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini daha da möhkəmləndirəcəyinə ümidvar olduğunu bildirmişdir. Elmar Məmmədyarov ölkəmizin rəhbərliyinin Azərbaycanın Avropa və Avratlantik strukturlarına inteqrasiyası siyasətinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, respublikamızın Avropanın yalnız qonşusu deyil, həmçinin bir hissəsi olduğunu xüsusi vurğulamışdır. Respublikamızda Avropa strukturlarına inteqrasiya istiqamətində aparılan islahatlardan söz açan nazir, ölkəmizin rəhbərliyinin insan hüquqlarının qorunması, demokratik prinsiplərə əsaslanan vətəndaş cəmiyyətinin yaradılması məsələlərinə böyük əhəmiyyət verdiyini diqqətə çarpdıraraq, Azərbaycanın bu prosesi davam etdirdiyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan xarici siyasət idarəsinin başçısı bu problemin sülh yolu ilə həlli istiqamətində Avropa Birliyi ölkələrinin dəstəyinə ümid bəslədiyini söyləyərək, işğal olunmuş torpaqlarımızda Ermənistanın süni şəkildə əhali yerləşdirməsi məsələsinə beynəlxalq ictimaiyyətin etiraz mövqeyi nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.
Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin birgə səylər sayəsində inkişaf etdirilməsinin vacibliyi ilə razılaşan Heyke Talvitiye, münasibətlərin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağından əminliyini söyləmişdir. Qonaq yaxın zamanlarda Azərbaycan üzrə məruzənin hazırlanacağını bildirərək, bu işdə Avropa Birliyinin konstruktiv mövqe tutacağını diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlər nəticəsində ölkədə bir çox sahələrdə aparılan islahatlar və baş verən dəyişikliklər barədə məlumatlandırılmışdır. Qonaq demişdir ki, Azərbaycanda dini azadlığın təmin edilməsi faktı nümayəndə heyətində müsbət təəssürat yaratmış və onun təmsil etdiyi birlik Azərbaycanın Avropa strukturlarına inteqrasiya istiqamətində apardığı siyasəti dəstəkləyir.
Fransanın Azərbaycandakı səfiri Rolan Blatmanın da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.