AVSTRALIYANIN SİDNEY ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Sidney, 28 fevral (AZƏRTAC). Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətindən (AATDC) verilən məlumata görə, qurumun təşkilatçılığı ilə Sidney şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Ölkənin ən böyük məscidi - Gelibolu Camisində 3 min 500-dək adamın iştirakı ilə keçirilmiş tədbirdə soyqırımı barədə ətraflı məlumat verilmiş, Xocalı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Sonra mərasim Türk Dayanışma Dərnəyində Azərbaycan, Türkiyə, uyqur və digər türk toplumlarının, yerli ictimaiyyət nümayəndələrinin, eləcə də Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə davam etmişdir. AATDC-nin və “Azərbaycanın səsi” radiosunun təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış və yerli diaspora göndərilmiş videomateriallar nümayiş olunmuş, mövzuya uyğun kitablar, broşürlər paylanmışdır.
AATDC-nin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmamətdin Qasımov 1992-ci il fevralın 25-dən 26-a kecən gecə keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarları tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən qətliamdan danışmış, bu soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına qarşı yönəlmiş bir cinayət olduğunu vurğulamışdır. 1993-cü ildən Sidneydə efirə çıxan “Azərbaycanın səsi” radiosunun rəhbəri Gülzar Qasımova son iki həftədə Xocalı faciəsi ilə bağlı xüsusi proqram yayımladıqlarını və dinləyicilərə bu soyqırımı barədə ətraflı məlumat verdiklərini diqqətə çatdırmışdır. O, dünya ictimaiyyətini Xocalı dəhşətlərinə göz yummamağa çağırmışdır.
Tədbirdə Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu və Türk Quruluşları Federasiyasının prezidenti Dursun Candəmir də çıxış edərək ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri vəhşilikləri lənətləmişlər.
Qeyd edək ki, Sidneydə hər il Xocalı soyqırımı ilə bağlı anım mərasimi təşkil olunur.