AYNA rəsmisi: Paytaxtda marşrut xətlərində avtobus sayları gündəlik nəzarətə götürülüb
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tənzimləmə sahəsinə daxil ediləndən sonra paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. İctimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA üçün əsas məqsədlərdəndir. Belə ki, bütün marşrut xətləri təhlil edilib, avtobusların daşınma imkanlarının artırılması üçün kritik marşrutlara avtobuslar əlavə edilir. Marşrut xətlərində avtobus sayları gündəlik nəzarətə götürülüb.
Bu barədə AZƏRTAC-ın suallarını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov cavablandırıb.
Onun sözlərinə görə, yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları təşkil edilir: “Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Rəqəmsal transformasiyanın və istifadə rahatlığının təmin olunması istiqamətində görülən işlər çərçivəsində “BakıKart” və “AzParking” mobil tətbiqləri istifadəyə verilib. Bununla da bir sıra xidmətdə ödənişlərin nağdsızlaşdırılmasına nail olunub”, - deyə AYNA-nın rəsmisi əlavə edib.
Tural Orucov onu da qeyd edib ki, həyata keçirilən kompleks işlər çərçivəsində “Bakı Metropoliteni”nin “Nəriman Nərimanov” və “Gənclik” metro stansiyalarının buraxılış qabiliyyətinin artırılması və sərnişin axınının tənzimlənməsi məqsədilə yoxlama avadanlıqlarının sayı artırılıb. “Azərbaycan Dəmir Yolları”na aid Sumqayıt-Bakı sürət qatarlarının qrafikində də dəyişikliklər olunub.