İQTİSADİYYAT
Azad olunmuş ərazilərdə “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqinə dəstək məqsədilə hakaton keçirilir
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” mövzusunda təşkil olunan hakaton yarışının açılış mərasimi keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “Enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzuları üzrə keçirilən hakatonun məqsədi Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsidir.
Açılış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin belə əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor hakatonun innovativ yanaşmaları ilə fərqlənən gənclərin istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından önəmli olduğunu qeyd edib.
SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov Azərbaycanın, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun zəngin bərpaolunan enerji potensialının mövcud olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının tərkib hissəsidir və hakaton da bu istiqamətdə qarşıya qoyulan vəzifələrin reallaşmasına dəstək məqsədini daşıyır.
4SİM-in icraçı direktoru Tamerlan Tağıyev hakatonun keçirilməsinin rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi və müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi ilə ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini vurğulayıb.
Çıxışlardan sonra hakatonun şərtləri barədə məlumat təqdim olunub və yarışa start verilib.
Qeyd edək ki, sentyabrın 9-11-də keçiriləcək hakatonun qaliblərinin mükafatlandırılması mərasimi sentyabrın 17-də təşkil olunacaq.