AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclər Təşkilatı “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi ilə birlikdə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktiki konfrans keçirmişdir.
Universitetin foyesində soyqırımına həsr edilmiş foto-sərgi də açılmışdı.
Soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev məkrli ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri faciələrdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Natiq ermənilərin soyqırımı siyasətinin 200 ildən artıq tarixi olduğunu, bu siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyini, həmin siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini söyləmişdir. Bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Muğan və Qarabağda minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, on minlərlə insan evlərindən didərgin düşmüşdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı gününün martın 31-də qeyd olunmasına dair verdiyi Fərman böyük tarixi əhəmiyyət daşıyır. Bu Fərman XX əsrdə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında hazırkı və gələcək nəslin güclü milli yaddaşının formalaşdırılması, bütün dünyada xalqımıza qarşı törədilmiş faciələrə siyasi və hüquqi qiymətin verilməsinə nail olunması və nəticə çıxarılması üçün bir sənədə çevrilmişdir.
“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi idarə heyətinin sədri Fəqan Yaqubov, ümumi tarix kafedrasının dosenti Səmayə Mustafayeva və digərləri terror və irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunan soyqırımı siyasəti nəticəsində yüz minlərlə soydaşımızın öldürüldüyünü, dədə-baba torpaqlarından qovulduğunu, müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını vurğulamışlar. Qeyd etmişlər ki, soyqırımdan 92 il keçməsinə baxmayaraq, xalqımız bu vəhşilikləri unutmamalıdır.