AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASINDA 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 mart - Azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev mənfur qonşularımızın tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmış, bu faciəni böyük dövlətlərin yürütdükləri imperiya siyasətinin acı yekunu kimi qiymətləndirmişdir.
S.Mehbalıyev ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bu proseslərin kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etmişdir. O, xain qonşularımızın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini vurğulamışdır.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran konfederasiyanın sədri, öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tarix elmləri doktoru Vəkil Həsənov “31 Mart - Azərbaycanlıların soyqırımı günü” mövzusunda məruzə etmişdir.
Məruzəçi xalqımıza qarşı törədilmiş soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulamışdır.
######
