İQTİSADİYYAT
Azərbaycan ilə Bəhreyn arasında şəhərsalma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
![Azərbaycan ilə Bəhreyn arasında şəhərsalma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub](/files/2023/3/1200x630/16944146665193454755_1200x630.jpg)
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda, Bəhreyndə akkreditə olunmuş səfiri Şahin Abdullayevin Bəhreyn Krallığının şəhərsalma və urbanizasiyanın planlaşdırması naziri xanım Amina bint Ahmed Al Rumayihi ilə görüşündə şəhərsalma sahəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC BNA informasiya agentliyinə istinadla xəbər verir ki, tərəflər son illər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə ediblər. Səfir Ş.Abdullayev bəhreynli nazirə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib, dost Bəhreynin iş adamları və şirkətlərinin də bu prosesdə iştirakı üçün geniş imkanlar olduğunu vurğulayıb.
Nazir Amina bint Ahmed Al Rumayihi Bəhreyndə şəhərsalma üzrə həyata keçirilən layihələrdən, xüsusən sosial evlərin tikintisi və urbanizasiya prosesinin planlaşdırılmasından bəhs edib, bu sahədə azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq istədiklərini bildirib.
Görüş zamanı şəhərsalma sahəsində iki ölkənin müvafiq strukturları tərəfindən birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.