SİYASƏT
Azərbaycan ilə İraqın ədliyyə orqanları arasındakı əlaqələrin inkişafı müzakirə edilib
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin ədliyyə naziri Xalid Şivani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İraq ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Ədliyyə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayan diplomat təcrübə mübadiləsinin zəruri olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, əlaqələrin intensiv inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi lazımdır. Müvəqqəti işlər vəkili Azərbaycanın ədliyyə sistemindəki islahatlar barəsində ətraflı məlumat verib.
İraqın ədliyyə naziri Xalid Şivanı Azərbaycanla ədliyyə sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətində olduqlarını və təcrübə mübadiləsinə hazırlaşdıqlarını bildirib.
Görüşdə hər iki ölkədə ədliyyə və məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, nümayəndə heyətlərinin səfərlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.