Azərbaycan Turizm İnstitutu məzun gününü təntənəli şəkildə qeyd etmişdir
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 12-də Azərbaycan Turizm İnstitutu (ATİ) “Hilton-Baku” otelində məzun gününü təntənəli şəkildə qeyd etmişdir.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və qazanılan uğurlardan söz açmışdır.
Rektor bildirmişdir ki, builki məzunlardan 206-sı ATİ-nin, onlardan 24-ü isə, eyni zamanda, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaqdır. Həmçinin 4 məzuna ATİ-nin magistr diplomu təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev institutun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Artıq üçüncü dəfədir ki, bu institut məzun gününü qeyd edir. Bu gün ATİ-də bakalavr, magistr, həm də doktorantura üzrə tədris planları həyata keçirilir. ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. Bu ali təhsil müəssisəsi məzunlarının diplomları artıq dünyanın bütün yerlərində tanınır və onlar müxtəlif ölkələrdə işə qəbul olunurlar”.
Nazir bildirmişdir ki, artıq bır sıra xarici ölkələrin də tələbələri ATİ-də təhsil alırlar.
Avstriya Federal Mədəniyyət və Elm Nazirliyinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq şöbəsinin müdiri Norbert Ricdl, bu ölkənin Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hayns Boyer təhsillərini uğurla başa vuran məzunları təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışlar. Əmin olduqlarını bildirmişlər ki, ATİ-nin məzunları Azərbaycanın turizm sənayesinin inkişafına layiqli töhfələrini verəcəklər.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Avstriya hökumətinin “Qızıl medal”ı təqdim olunmuşdur. Mükafatı Avstriya hökuməti adından həmin ölkənin Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç təqdim etmişdir.
Azərbaycanlı nazir bu ali mükafata Avstriya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq bilinmişdir.
Sonda məzunlara diplomlar təqdim olunmuşdur.
Milli Məclis deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirak etdikləri mərasim maraqlı konsert proqramı ilə davam etmişdir.