Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
İkitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda Azərbaycan və Qazaxıstanın Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim edilib.
Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə maraqlanıblar. Nümayəndə heyətinə ƏİK bölmələri haqqında məlumat verilib, qonaqlar silah və texnika ilə tanış olublar.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.