Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanı öz xalqının müstəqilliyi haqqında düşünməyə çağırıb
Vaşinqton, 8 mart, AZƏRTAC
ABŞ-da nəşr olunan “Tribune Review” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun müsahibəsini dərc edib.
Müsahibənin əvvəlində jurnalist Salena Zito E.Süleymanovdan sitat gətirərək yazır ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsi işğal olunub.
Səfir deyib ki, Birləşmiş Ştatlar separatizmin və ekstremizmin hər hansı formada təzahürünün pislənilməsi üzrə aydın, ardıcıl və təsirli siyasət yürütməli, beynəlxalq sərhədlərin zorakılıq yolu ilə dəyişdirilməsini rədd etməlidir. Diplomat bildirib ki, Azərbaycan həmişə Vaşinqtonun dostu olub və regionda sabitliyin bərpasında ABŞ-ın dəstəyinə güvənir.
Vurğulanır ki, “Amnesty International” hüquq müdafiə təşkilatının və BMT-nin Qaçqınların İşləri üzrə Agentliyinin məlumatlarında da qeyd olunduğu kimi, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı doğma evlərindən qovulub. Həmçinin qeyd edilir ki, Konqresdə Azərbaycan üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bil Şuster
ABŞ hökumətinə müraciətlə Azərbaycan kimi strateji müttəfiqlə sıx əlaqələrin əhəmiyyətini vurğulayıb və bu əlaqələri gələcəkdə də dəstəkləməyə çağırıb.
Səfir bildirib ki, çiçəklənən Azərbaycan öz pullarını düşünülmüş şəkildə xərcləyir, qonşu ölkələrin də cəlb edildiyi layihələrə sərmayələr qoyur. Azərbaycan regionda Ermənistanla da tərəfdaşlıq edə, bu ölkəyə də investisiya qoyuluşlarını həyata keçirə bilərdi. Lakin Ermənistan başqa yol seçməklə özünü regional layihələrdən təcrid edir və öz xalqının müstəqilliyini məhdudlaşdırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton