“Azərbaycanın sənətkarlıq paytaxtı”nda “Kulinariya turu”nun təqdimatı
Bakı, 20 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Victory Tour” turizm şirkətinin təşkilatçılığı ilə iyulun 18-19-da 2012-ci il üçün “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmiş Quba rayonuna infotur keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə baş tutan infotur “Explore Azerbaijan” layihəsi çərçivəsində hazırlanmış “Kulinariya turu” adı ilə həyata keçirilmişdir.
“Kulinariya turu”nun əsas məqsədi xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da ölkəmizin qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir.
Milli mətbəximizin təamlarını dadmaqla yanaşı, onların hazırlanma texnologiyaları ilə də tanış olan infotur iştirakçıları, aşpazların köməyi ilə milli xörəklərimizi hazırlamaq imkanı da əldə etmişlər.
İnfoturun gedişində Milli Kulinariya Assosiasiyasının eksperti Nailə Mürsəlova və tanınmış aşpaz Fərhad Aşurbəyli iştirakçılara Azərbaycan mətbəxinin incəlikləri, buraya daxil olan yemək növləri haqqında ətraflı məlumat vermişlər.