AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN ÖLKƏMİZDƏKİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, təmsil etdiyi qurumun ölkəmizdəki son fəaliyyəti barədə xarici işlər nazirinə məlumat verən Meri Vernts, Azərbaycan rəhbərliyinin komitənin apardığı işə olan marağına görə təşəkkür edərək bildirdi ki, respublikamızın Cenevrədəki diplomatik nümayəndəliyinin fəaliyyəti də komitə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərməkdədir.
Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın uzun müddətdən bəri davam etdiyini vurğulayan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin rəhbərliyinin qurumun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki fəaliyyəti, xüsusilə də Azərbaycan əsirlərinin azad olunmasında göstərdiyi səyləri yüksək qiymətləndirmişdir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində əhali yerləşdirməsi məsələsinə toxunan nazir komitənin bu məsələ ilə daha yaxından maraqlanacağına ümid etdiyini vurğulamışdır. Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan bu siyasətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərdiyini söyləyən E.Məmmədyarov komitənin bu məsələyə xüsusi diqqət yetirməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.