Azərbaycanlı alim XI Beynəlxalq Altay İcmaları Simpoziumunda məruzə edib
Bakı, 12 iyul, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov Qazaxıstanın Əl-Fərabi adına Qazax Beynəlxalq Universitetində keçirilən XI Beynəlxalq Altay İcmaları Simpoziumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, simpoziumda İsmayıl Kazımov “Dağlıq Altay toponimlərinin formalaşmasında sintaktik üsulun rolu” mövzusunda çıxış edib. Alim bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Ortaq tarixə, mədəniyyətə malik olan iki dövlət arasında müxtəlif sahələrə dair imzalamış sənədlər əməkdaşlığın yüksək xətlə inkişaf etdirilməsinə mühüm təsir göstərməkdədir. Toponimlər həm də xalqın tarixi yaddaşıdır. Toponimlər cəmiyyətin və dilin əsl inkişaf tarixini öyrənmək istiqamətində kifayət qədər zəngin material verir. Həmin yer və su adları mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Dağlıq Altay toponimləri təkcə orada yaşayan türk xalqlarının xüsusini ümumidən ayırmaq üçün istifadə etdiyi dil işarələri statusunda məhdudlaşıb qalmır, həm də azsaylı, dilləri təhlükə qarşısında qalan altayların, noqayların, şorların və digər türklərin tarixini, taleyini öz məzmun və mahiyyətində əks etdirən qiymətli mənbə rolunu oynayır.
Simpoziumda Altay xalqlarının yer və su adları mövzusunda 120-dən çox məruzə dinlənilib. “Türk xalqlarının onomastika tarixi”, “Güney Sibirdəki İran yer adları”, “Çin qaynaqlarına görə hunların yer adları”, “Türk boylarında inanca, rənglər və saylarla bağlı yer və su adları”, “Şamaxı toponiminin geneoloji və etimoloji təhlili”, “Köroğlu-Goroğlu dAstanlarında epik məkan Çənlibel”, “Qırım toponimiyasındakı qıpçaq türk elementləri”, “Manas” eposunda yer-su adlarının verilməsi” mövzularında məruzələr maraqla dinlənilib.