Bakıda sağlamlıq turizmi üzrə Azərbaycan-Türkiyə birinci Beynəlxalq konqresi keçirilir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Bakıdakı “JW Marriot Absheron” otelində Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin “MedicalPark” təşkilatının dəstəyi, “Millennium” və “AG Medical Travel” turizm şirkətlərinin birgə təşkilatçılığı ilə sağlamlıq və termal turizmi üzrə Azərbaycan-Türkiyə birinci Beynəlxalq konqresi işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin nümayəndəsi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, professor Əlişir Musayev Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizminin geniş potensiala malik olmasından danışmışdır.
Son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Ə.Musayev demişdir ki, bu əlaqələr tibb sahəsində daha geniş vüsət almışdır.
Azərbaycanda sağlamlıq və termal turizminin inkişafı üçün əlverişli şəraitin olmasından söz açan nazirliyin nümayəndəsi bildirmişdir ki, Bakıda keçirilən beynəlxalq konqres iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcəkdir.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun hazırda ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən danışmışdır. Diplomat qeyd etmişdir ki, müstəqilliyinin bərpasından ötən 20 ildə Azərbaycan bütün sahələrdə bir çox irəliləyişlərə imza atmış, dünyada nüfuzunun artmasına, o cümlədən Türkiyə ilə münasibətlərinin genişlənməsinə nail olmuş, regionun lider dövlətinə çevrilmişdir.
Türkiyə və Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanların olduğunu vurğulayan İsmail Alper Coşkun, ölkələrimiz arasında bu istiqamətdə də əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirmişdir.
Türkiyə Baş nazirinin müşaviri Həmdi Şengel Azərbaycanın qısa müddətdə böyük inkişafa nail olmasından, onun uğurlarının bütün türk dünyası, eləcə də Türkiyə üçün böyük əhəmiyyət kəsb etməsindən söz açmışdır. İki ölkə arasında tibb sahəsində əlaqələrin ildən-ilə dərinləşdiyini diqqətə çatdıran H.Şengel universitetlərarası mübadilənin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev və başqaları ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən turizm sahəsində dinamik inkişafından danışmışlar.
Konqresdə “Azərbaycan Respublikasının turizm potensialı”, “Türkiyənin səhiyyə sistemindəki son nailiyyətlər”, “Türkiyə ilə Azərbaycan arasında sağlamlıq turizmi sahəsində münasibətlər”, “Türkiyədə termal turizminin əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilmişdir.
Tədbir çərçivəsində keçirilmiş səhiyyə sərgisində Türkiyənin 20-dək xəstəxana və klinikası təmsil olunmuşdur.
Konqres noyabrın 9-da işini davam etdirəcəkdir.