BEYLƏQANDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ ABİDƏ UCALDILMIŞDIR
Beyləqan, 31 mart (AZƏRTAC). Martın 31-də Beyləqanda “Azərbaycanlıların soyqırımı” abidə-kompleksi açılmışdır.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev abidə kompleksinin açılışını bildirən qara lenti kəsdikdən sonra tədbir iştirakçıları abidənin önünə əklil və tər çiçək dəstələri qoymuş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Minlərlə beyləqanlının iştirak etdiyi mərasimdə İrşad Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki əsr ərzində planlı şəkildə həyata keçirildiyini, XIX əsrdə, 1905-1907, 1918-1920, və 1988-1993-cü illərdə Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarix və mədəniyyət abidələrini, məscidləri, məktəbləri dağıtdıqlarını diqqətə çatdırmış, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, Qarabağda və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla törətdikləri qanlı qırğınlardan bəhs etmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın beynəlxalq aləmdə bu vəhşiliklərə siyasi və hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu bildirilmişdir.
Çıxış edənlər 1918-ci ilin martında Bakı və ətraf ərazilərdə baş vermiş faciələri bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş, bu gün də davam edən bu vəhşiliyi, işğalçılıq siyasətini qətiyyətlə pisləmişlər.
Tədbirin sonunda məktəblilərin iştirakı ilə bədii kompozisiya göstərilmişdir.
Həmin gün rayon mərkəzləşdirilmiş kitabxanalar sisteminin nəzdində yaradılmış azərbaycanlıların soyqırımı ilə bağlı kitabxananın açılışı olmuşdur. Rayon icra hakimiyyəti tərəfindən kitabxanaya azərbaycanlıların soyqırımı və deportasiyasından bəhs edən kitablar hədiyyə edilmişdir.