Biləsuvarda “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıblar
Biləsuvar, 12 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxslərdən birinin müvafiq sənədləri olmayan, ümumilikdə, 2 ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 baş qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb.
Ovlanan həmin quşlardan üçünün adı “Qırmızı kitab”a düşmüş “Sultan toyuğu” olduğu müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.