BÖYÜK BRİTANİYADAKI “CASPİAN-XƏZRİ” CƏMİYYƏTİ ÜÇ YAŞINI QEYD ETMİŞDİR
Bakı, 30 aprel (AZƏRTAC). Böyük Britaniyada fəaliyyət göstərən “Caspian-Xəzri” cəmiyyətinin 3 yaşı tamam olmuşdur.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bu münasibətlə İngiltərənin Norviç şəhərində mərasim keçirilmişdir.
Tədbirdə 16 müxtəlif ölkəni təmsil edən 150 qonaq iştirak etmişdir. Cəmiyyətin rəhbəri Simuzər Baloğlanova çıxışında qurumun, xüsusilə də həftəsonu məktəbinin fəaliyyəti, təşkil etdiyi tədbirlər barədə geniş məlumat vermişdir. Sonra qonaqlar Azərbaycanla bağlı hazırlanmış videofilmə tamaşa etmişlər.
Filmin nümayişindən sonra Könül Əliyevanın rəhbərlik etdiyi “Buta” rəqs ansamblının solistləri çıxış etmişlər.
Gecədə Yaponiya, Çin və Cənubi Amerikadan olan qonaqlar idman, akrobatika, incəsənət və musiqini birləşdirən maraqlı proqram nümayiş etdirilmiş, Azərbaycan, hind, Misir, Çin, Braziliya və ingilis musiqiləri səsləndirilmişdir.
Tədbirdən əldə olunan vəsait Azərbaycanda yaşayan aztəminatlı ailələrə yardım məqsədi ilə sərf olunacaqdır.
Qeyd edək ki, “Caspian-Xəzri” “Sara Xatun” Qadın Cəmiyyətini, “Buta” rəqs ansamblını və Böyük Britaniyada ilk Azərbaycan məktəbini yaratmışdır. Bu məktəb həm də Avropadakı həftəsonu Azərbaycan məktəbləri arasında ən nümunəvi hesab olunur.
Avropa-Azərbaycan Cəmiyyəti də “Caspian-Xəzri”ni yarandığı gündən dəstəkləyir.
######
