Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif imtahanlar keçirilir
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Dövlət İmtahan Mərkəzi ( DİM) tərəfindən Bakı, Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmazda müxtəlif imtahanlar keçirilir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir. İmtahanlar saat 11:00-da başlanıb. İmtahanlarda 9083 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanlarda 12 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 44 imtahan binası, 728 imtahan zalı ayrılıb. İmtahanın idarəolunmasına 44 ümumi imtahan rəhbəri, 124 imtahan rəhbəri, 889 nəzarətçi-müəllim, 88 buraxılışı rejimi əməkdaşı (mühafizə), 44 bina nümayəndəsi ayrılıb.